Sənətə böyük sevgi
Teatr və kino sənətimizdə
yaratdığı obrazlar, bənzərsiz ifa tərzi ilə
özünəməxsus yer tutan görkəmli aktrisa, Azərbaycanın
Xalq artisti Amaliya Pənahova səhnəyə
çıxdığı ilk gündən çoxsaylı
tamaşaçı rəğbətini qazanıb. Onun sənət peşəkarlığının
süzgəcindən keçən
yaradıcılığı həmişə real,
inandırıcı olub.
Amaliya Əliş qızı Pənahova
1945-ci il iyunun 15-də Gəncədə
anadan olub. Teatra, sənətə
uşaqlıqdan meyl göstərib. Orta məktəbi
bitirdikdən sonra aktrisa olmaq istəyini ailəsinə
açıqlayır. Gəncə Dövlət Dram
Teatrında çalışan Əliş kişi
aktyorluq sənətinin çətinliklərinə
yaxşı bələd olduğundan qızının bu sənətin
yükünü çəkməsini istəmir. Lakin arzusunu gerçəkləşdirməkdə
israrlı olan gənc qız 1962-ci ildə Azərbaycan
Dövlət İncəsənət İnstitutunun dram və
kino aktyoru fakültəsinə qəbul olur. Kurs rəhbəri görkəmli teatr rejissoru, kino
aktyoru, pedaqoq Adil İsgəndərovdan sənətin sirlərini
öyrənir, tez bir zamanda müəllimlərinin və tələbə
yoldaşlarının rəğbətini qazanır. İnstitutun ikinci kursundan Akademik Dram Teatrının
səhnəsində çıxış edən aktrisanın
güclü intuisiyası, qüsursuz xarici
görünüşü, şaqraq səsi səhnə tələblərinə
cavab verir, yaratdığı rollara uğur gətirir.
Amaliya Pənahovanın
səhnə fəaliyyəti görkəmli dramaturq, Xalq
yazıçısı İlyas Əfəndiyevin
yaradıcılığı ilə sıx
bağlıdır. İlyas müəllimin
əsərlərinin qəhrəmanlarına uğurlu səhnə
həyatı bəxş edən aktrisa ilk gündən orijinal
ifası ilə diqqət çəkir. Nərmin
(“Unuda bilmirəm”), Nargilə (“Sən həmişə mənimləsən”),
Şahnaz (“Mahnı dağlarda qaldı”), Nurcahan (“Mənim
günahım”) və başqa personajlar aktrisanın səmimi
duyğularını, həyat mövqeyini bizə
tanıtdığı obrazlardır.
Ədəbi
materialın, rejissor yozumunun spesifik tələblərini
yaxşı bilən, obrazların psixologiyasını tam
açan aktrisa səhnədə bitkin fikir yaradır,
tamaşaçını hadisələrin
reallığına inandırır. O məhz səhnə
üçün doğulub. İşləməkdən,
tez-tez yeniləşən repertuar zənginliyindən bezmir, səhnə
fəaliyyəti ilə yanaşı, televiziya, kino
yaradıcılığını da inkişaf etdirirdi.
1973-cü ildə Azərbaycan Televiziyasının rəngli
yayıma keçməsi münasibətilə efirdə 55 dəqiqəlik
canlı monotamaşa oynayan aktrisa sonralar bir çox teletamaşalarda
(“Qapalı orbit”, “Ömrün yolları”) bənzərsiz,
maraqlı obrazlar yaratmaqla yanaşı, özü də 10-dan
artıq televiziya tamaşasına (“Sənsiz”, “Mənim
günahım” və s.) quruluş verir.
İstedadlı
aktrisa 1964-cü ildən bu günədək teatr səhnəsində
300-dən artıq obrazlar qalereyası yaradıb, 30-a yaxın
filmdə bənzərsiz rollar oynayıb, 20-dək filmi isə
maraqlı, ifadəli səs tembri ilə səsləndirib.
Milli Dram Teatrının aparıcı qüvvəsi
olan Amaliya xanımın kinoda yolu o qədər də rəvan
olmadı. Bir neçə filmin sınaq
çəkilişlərində iştirak edən aktrisaya sifətinin
kameraya uyğun gəlmədiyini, mimika cizgilərinin kino
üçün uyğun olmadığını söyləyir,
onu ruhdan salmağa çalışırdılar. Lakin kinoda azərbaycanlı aktyor nəslinin daha
çox rol almasına və gənc aktrisaların potensialını
təsdiqləməsinə şərait yaradan Adil İsgəndərov
kurs tələbələrini 1963-cü ildə
ekranlaşdırdığı “Əhməd haradadır?”
filminə çəkir. Amaliya xanıma da
epizodik rol (buna qədər aktrisa Əlisəttar
Atakişiyevin “Bizim küçə” filmində (1961) kütləvi
səhnələrdə çəkilmişdi) verir. Bu filmdən sonra görkəmli rejissor,
yazıçı və kinodramaturq Həsən Seyidbəyli
“Cazibə qüvvəsi” filmində aktrisaya idmançı
obrazını tapşırır. Əlbəttə
ki, tələbə aktrisa üçün kinoda çəkilmək
böyük uğur idi. Lakin Amaliya
xanım bacarığını kinoda daha geniş planlı
rollarla təsdiqləmək istəyirdi. Azərbaycan
qadınının həyat mövqeyini əsərlərində
və filmlərində geniş şərh edən H.Seyidbəyli
aktrisaya “Sən niyə susursan” (1966) filmində uşaqlı
ana rolunu həvalə edir. Həmin illərdə
Amaliya xanımın qaynar teatr fəaliyyəti olsa da, o, kinoda
dəvət aldığı üçüncü,
dördüncü planlı rollardan belə imtina etmir,
kiçik həcmli rolları həvəslə
oynayırdı. Onun “Həyat bizi sınayır” filmində
yaratdığı Münəvvər, “Xatirələr
sahili”ndə Xalidə, “Səmt küləyi”ndə Xədicə,
“Mezozoy əhvalatı”nda Nərminə və başqa
lirik-psixoloji ekran personajları realist təqdimatına görə
seçilir, yadda qalır.
Aktrisanın kinoda ilk
böyük rolu Əlisəttar Atakişiyevin 1977-ci ildə
çəkdiyi “Qərib cinlər diyarında”
film-nağılındakı Zərri obrazıdır. Şux qamətinə, rəqs etmə
bacarığına, mülayim çöhrəsinə
görə əcinnədən çox gözəl məxluq
təsiri bağışlayan aktrisanın maraqlı ifası,
jestləri kiçik tamaşaçılarda bu obraza nifrətdən
çox məhəbbət yaradır. Var-dövlət
arzusu ilə yaşayan kasıb kəndli balası haqqında
söhbət açan bu filmdə Zərri
üçüncü, dördüncü planlı rol olsa da,
Qəribin başına gələn bəlaların səbəbkarı
və filmin aparıcı qüvvəsi kimi uğurlu roldur.
O, Qəriblə cinlər arasındakı münasibətləri
gərginləşdirən vasitəçi, cinlər
diyarının iyrənc qanunlarını öz şəxsində
göstərən vacib personajdır. Paxıl və
qısqanclığına görə cəmiyyətdə xaos
yaradan iblis xislətli məxluqların məkrli cəhətləri
Zərridə cəmlənib. Yaxşının
pisə, düzün əyriyə qalib gəlməsinin səbəbini
Zərri kiçik seyrçilərinə böyük məharətlə
aşılayır.
Aktrisanın “Arxadan
vurulan zərbə” filmindəki dilavər Ziba obrazı da
geniş tamaşaçı auditoriyasının diqqətini
çəkir. Ziba hay-küylü, əslində
isə halal zəhməti ilə yaşayan bir xanımdır.
Cəmiyyətin ona qarşı müəmmalı
mövqeyinin səbəbi isə açıqfikirli, həddən
artıq səmimi olması və fərqinə
varmadığı aqressivliyidir. Aktrisanın
obraza uyğun düzgün mizanlanmış maraqlı jestləri,
canlı ifası, titrək nitqi, obrazın hiss və həyəcanını,
istək və düşüncələrini dəqiq
çatdırır.
Amaliya Pənahova yaratdığı
irili-xırdalı obrazların hər birinin estetik təbiətini,
fərdi xüsusiyyətini aydın göstərib. Teatr və kinoda bir çox tarixi qadın şəxsiyyətlərimizin
xarakterləri məhz onun yaradıcılığında
(Tomris, Xan qızı Natəvan və s.) açılıb.
“Babək” filmindəki Zərnisə obrazı da
Amaliya xanımın daxili məğrurluğundan, novatorluq
qabiliyyətindən bəhrələnən roldur. Bu rola ilk dəfə Türkiyənin məşhur
aktrisası Türkan Şoray dəvət alır. Lakin o, ekran əsərinə ayrılan vəsaitin
yarısı qədər qonorar tələb etdiyindən rolu Amaliya
Pənahova oynayır. Filmin nümayişi
isə, digər ölkələrdə olduğu kimi,
Türkiyədə də böyük uğurla keçirilir.
Dublyaj sənətinin
vacib cəhətlərindən biri də aktyorun ifadəli səs
tembrinə malik olması, dilin mükəmməl tələffüzü
və yüksək danışıq mədəniyyətidir.
Aktyorların sözə həddən artıq məsuliyyətli
və səliqəli yanaşması yeknəsəqlikdən
uzaq dublyaj yaradır.
1960-1980-ci illərdə
dublyaj olunmuş filmlərdə bu dəyərlər əsas
götürüldüyündən peşəkar səsləndirmə
filmlərin təsir gücünü daha da
artırırdı. Amaliya Pənahovanın müxtəlif
janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma,
almaya bənzər”), Lalə (“Ürək... Ürək...”),
Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə
Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş
müəllim”), Əsmər (“Gün keçdi”) və
başqa obrazların ifadəli səsi ifaçılar qədər
filmin ideya məzmununu dəqiq çatdırır, rolu
sevdirir.
Aktrisanın
rollarında qadın səliqəsi, yüksək zövqü
nəzərə çarpır. O, daim obrazlara uyğun
seçilmiş paltarların forma və zərifliyinə,
libasların xarakterlərlə uzlaşmasına şəxsən
diqqət yetirir. Səhnəyə yaraşıq
verən gözəlliyini, məğrurluğunu daim qoruyub
saxlayan Amaliya Pənahova üçün sənətin
enişli-yoxuşlu yollarında irəliləmək o qədər
də asan olmayıb. Onun şaqraq səsi,
alovlu çıxışları yalnız səhnədə,
filmlərdə yox, həyatda da mübarizliyini tərənnüm
edir. Kənd-kənd, şəhər-şəhər
qastrola gedən aktrisa aralarında yaş yarım fərq olan
iki uşağını da çox vaxt özü ilə
aparar, onunla bərabər ailənin yükünü çəkən
həyat yoldaşının da qayğısına qalardı.
Ömrü boyu sənətin fövqündə
duran aktrisa ailə və sənət sevincini paralel yaşamaq
üçün bütün çətinliklərə sinə
gərir, eyni zamanda Amaliya Pənahova imzasını teatr və
kino tariximizə şərəflə yazır.
1992-ci ildən
Bakı Bələdiyyə Teatrının bədii rəhbəri
və direktoru olan Amaliya xanım yaradıcı kollektivlə
birlikdə tez-tez hərbi hissələrə gedir, quruluş
verdiyi vətənpərvərlik ruhlu tamaşalarla əsgərlər
qarşısında çıxış edir.
Onun Azərbaycan teatr
və kino sənətinin inkişafında xidmətlərə
yüksək qiymətləndirilib. 1972-ci
ildə Azərbaycan Dövlət Mükafatına, 1974-cü
ildə Əməkdar artist, 1985-ci ildə Xalq artisti fəxri
adlarına layiq görülüb. 1995-ci
ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Səhnə
üçün vacib olan gözəlliyini itirməyən, mənəvi
dəyərləri həmişə uca tutan Amaliya Pənahova
qəhrəman qadın obrazları və lirik-psixoloji
rolları ilə sənət tariximizdə öz
imzasını atmış sənətkardır. Aktrisanın müxtəlif xarakterli
personajlarının yalnız bir oxşar cəhəti var ki,
bu da şəxsiyyətindən rollarına hopan əzəmətidir.
Onu doğum günü münasibətilə təbrik
edir, cansağlığı, yeni sənət sevincləri
arzulayırıq.
Şəhla
Bürcəliyeva,
kinoşünas
Mədəniyyət.- 2013.- 14 iyun.-
S. 13.